суббота, 19 ноября 2011 г.


Son illər Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi sahəsində əhəmiyyətli dəyişikliklər baş verməkdədir. İnformasiya cəmiyyətinin yaradılması Azərbaycanın dövlət siyasətinin vacib məsələlərindən biridir. Ölkədə “İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı” Dövlət Proqramı (“Elektron Azərbaycan”) həyata keçirilməkdədir. Təhsil sistemi də bu proseslərdən kənarda qalmamışdır. Təhsilin informatlaşdırılması istiqamətində iki Dövlət Proqramı qəbul olunmuşdur:
  • Ümumtəhsil məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyaları ilə təmin olunması (2005-2007-ci illər)
  • Azərbaycan Respublikasında təhsil sisteminin informatlaşdırılması üzrə Dövlət Proqramı (2008-2012 –ci illər)
Bu da öz növbəsində təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə kompüterləşdirmə və informatlaşdırma proseslərini ümummilli səviyyədə həyata keçirməyə zəmin yaradır. İnformatika fənninin istər orta, istərsə də ali məktəblərdə müasir tələblər səviyyəsində tədris olunması İKT-nin başqa fənlərin, o cümlədən “Statistika” fənninin tədrisində də geniş istifadə olunmasına təməl yaradır. Çox sevindirici haldır ki, Azərbaycanın ümumtəhsil məktəblərinin kurrikulumunda “Riyaziyyat” fənninin tərkibində ehtimal nəzəriyyəsi və statistikanın elementlərini tədris etmək üçün saatlar nəzərdə tutulmuşdur. 2011- ci ildən uyğun ixtisaslar üzrə  magistraturaya qəbul proqramına “Statistika” fənni də daxil edilmişdir.
Müəllifin hazırladığı bu bloq da dövlətimizin təhsil sisteminin informatlaşdırılması sahəsində çağırışlarına kiçik bir töhfədir. Gələcəkdə bu bloqun daha da genişləndirilməsi və onun cəmiyyətin bütün təbəqələrinin istifadə edə biləcəyi bir elektron resursuna çevirmək nəzərdə tutulur. Bloqda verilmiş məlumatlara öz fikir və mülahizələrini bildirəcək hər bir kəsə əvvəlcədən minnətdarlığımızı bildiririk.